Dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən dövlət büdcəsinə 20,7 milyon manat daxil olub

2023.03.17 16:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 2023-cü ilin yanvar-fevral ayları ərzində 5 hərrac keçirib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 83 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin ilk 2 ayı ərzində hərraca çıxarılan dövlət əmlakı üzrə 63 elektron sifariş qəbul olunub, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 11 onlayn qoşulma reallaşıb. 2023-cü ilin yanvar-fevral ayları ərzində hərrac üsulu vasitəsilə 6 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

2023-cü ilin yanvar-fevral ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 14,8 milyon manat təşkil edib.

Dövlət əmlakının icarəyə verilməsi sahəsində də bu ilin ilk 2 ayında yüksək nəticələr əldə edilib. Belə ki, bu dövrdə 439 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 134-ü qeyri-yaşayış, 305-i isə torpaq sahələrinə dair olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinə 5,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-fevral ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 20,7 milyon manat vəsait büdcəyə daxil olub.