İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Xidmətdən “vergiler.az”a verilən məlumata görə, sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və BDU-nun rektoru Elçin Babayev imzalayıblar.
Memoranduma əsasən, ali məktəbin tələbələrinin təcrübə proqramlarına cəlb edilməsi istiqamətində əməkdaşlığın təşkili, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakının təmin edilməsi nəzərdə tutulur. Sənəddə, həmçinin Universitetin məzunları ilə birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və digər məsələlər də yer alıb.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qeyd edib ki, Azərbaycanda gənclər siyasətinə böyük önəm verilir və bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən müxtəlif proqramlar, layihələr həyata keçirilir. Potensiallı gənc kadrların yetişdirilməsi və onların dövlət qurumlarında işlə təmin olunması nəticəsində dövlət idarəetməsində yeni innovativ düşüncələrin, müasir yanaşmaların tətbiqinə şərait yaranıb, bu, idarəetmə prosesinə dinamizm qazandırıb.
BDU-nun rektoru Elçin Babayev isə memoramdumun tərəflər arasında qarşılıqlı əlaqələrin geniş spektrini əhatə edəcəyini vurğulayıb. Rektor qeyd edib ki, BDU-nun tələbələri Dövlət Xidmətinin gələcəkdə həyata keçirəcəyi bir sıra layihələrə cəlb olunacaq, həmçinin ali məktəbin tədris prosesində Dövlət Xidmətinin imkanlarından istifadə olunacaq.