Yerli şirkətlər üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayıb

2023.03.17 11:32 (UTC+04:00)

EU4Digital təşəbbüsü ilə Azərbaycanda yerli şirkətlər üçün elektron ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “vergiler.az”a verilən məlumata görə, şirkətlər üçün nəzərdə tutulan ilk təlim baş tutub.

Layihə çərçivəsində keçiriləcək təlimlərə qatılmaq üçün beş yerli şirkət müəyyən olunub. Təlimlərdə avropalı ekspertlər tərəfindən Amazon, Allegro, Ebay, Otto, ETSY, Bol.com, Zalando, Kaufland, Pigu.It kimi e-ticarət platformalarının iş prinsiplərinin real nümunələrlə tədris olunması nəzərdə tutulub.

Qeyd edək ki, layihənin başlıca məqsədi Avropa və “Şərq Tərəfdaşlığı” ölkələri arasında elektron ticarət sahəsi üzrə təcrübə mübadiləsinin aparılmasıdır. Təlimlər 2023-cü ilin mart, aprel və may aylarını əhatə edir. Təlimlərin sonunda iştirakçılar beynəlxalq bazarlarda qeydiyyatdan keçmək, e-ticarət üçün düzgün məhsulları və onların marketinq strategiyasını seçmək, müştərilərə effektiv xidmət göstərmək, loqistika imkanlarından istifadə, hesabın və ya məhsulun bloklanma səbəblərini anlamaq, e-ticarətlə bağlı yaranan hüquqi, vergi, maddi-texniki və digər problemlərin həlli yollarına dair bilik və bacarıq əldə edəcəklər.