Daxili bazarda təbii qazın istehlak həcmi 5 faizdən çox artıb

2023.03.17 09:39 (UTC+04:00)

2022-ci il ərzində daxili bazarda təbii qazın istehlak həcmi 7,3 milyard kubmetr təşkil edib.

Bu barədə “vergiler.az”a “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib. Onun sözlərinə görə, 2021-ci illə müqayisədə istehlak olunan təbii qazın həcmi 5,2 faiz artıb.

“2010-cu ilin əvvəlində qazlaşmış mənzil sayına görə ölkə üzrə qazlaşma səviyyəsi 62,2 faiz olduğu halda hazırda qazlaşma səviyyəsi 96,3 faiz təşkil edir. Həmin müddətdə təbii qazla təmin olunan əhali abonentlərinin sayı artaraq hazırda 2 milyon 500 minə çatıb”, - deyə R.Əliyev qeyd edib.

O həmçinin əlavə edib ki, ötən il ərzində regionlarda 44 şəhər və rayonu, Bakı şəhərində 3 rayonu əhatə etməklə 100-ə yaxın kənd və yeni yaşayış massivində paylayıcı qaz şəbəkəsinin qurulması işləri aparılıb. “2023-cü ildə 150-yə yaxın yeni yaşayış massivində və kənddə daşıyıcı və paylayıcı qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulub”, - deyə “Azəriqaz” İB-nin baş direktoru bildirib.