KOB layihələrinin maliyyələşdirilməsinə başlanılıb

2023.03.16 17:13 (UTC+04:00)

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 3-cü qrant müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsinə başlanılıb.

KOBİA-dan “vergiler.az”a verilən məlumata görə, layihələr müxtəlif sahələr üzrə onlayn platformaların və qurğuların hazırlanması, qadın sahibkarlığının inkişafı, KOB-ların faydalanması üçün tədqiqat işlərinin aparılması istiqamətlərini əhatə edir. Qalib layihələrin hər biri maksimum 20 min manat həcmində maliyyələşdiriləcək.

Martın 16-da KOBİA-nın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə müsabiqə qalibləri ilə görüş keçirilib, onlarla layihələrinin maliyyələşdirilməsinə dair müqavilələr imzalanıb.

Üçüncü qrant müsabiqəsinin qaliblərini təbrik edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müsabiqənin KOB-ların layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə keçirildiyini və müsabiqəyə 234 layihənin təqdim olunduğunu bildirib. Qeyd olunub ki, müxtəlif qurumların nümayəndələrinin təmsil olunduğu Ekspert Komissiyasının kollegial qərarına uyğun olaraq 13 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Bu layihələrin maliyyələşdirilməsinə təqribən 260 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Müvafiq vəsait yaxın günlərdə qalib KOB-ların bank hesablarına köçürüləcək. Birinci və ikinci qrant müsabiqələrində isə 26 KOB subyektinin layihəsi təqribən 500 min manat məbləğində maliyyələşdirilib.