İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, 2023-cü ilin mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,2 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 14,7 faiz artıb, xüsusi çəkisi isə 62,5 faiz təşkil edib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayında müqayisə edilən dövr üzrə 27 faiz artım qeydə alınıb. Hesabat dövründə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı ötən illə müqayisədə 11,7 faiz artıb. Yanvar-fevral aylarında kommersiya qurumlarının 82,5 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1 faiz təşkil edib.
Qeydiyyatdan keçən kommersiya qurumlarının 87,6 faizi yerli investisiyalı, 12,4 faizi xarici investisiyalıdır. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 341 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,3 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 14,6 faiz olub.