İstehlakçıların mənafeyinin qorunması üçün geniş tədbirlər həyata keçirilir

2023.03.15 15:29 (UTC+04:00)

Bu gün ölkə iqtisadiyyatının bütün sahələrində müşahidə olunan inkişaf meyilləri, o cümlədən biznes mühitində dəyişikliklər istehlakçıların hüquqlarının qorunması sahəsində də səylərin artırılmasını şərtləndirir.

"vergiler.az" xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusuna həsr olunmuş elmi konfransda deyib.

Onun sözlərinə görə, istehlakçıların hüquqlarının qorunmasında dünya təcrübəsinin araşdırılması, eləcə də dövlət orqanları, qeyri-hökumət təşkilatları, biznes subyektləri və istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi aktual məsələlərdəndir: "Qloballaşma şəraitində müvafiq standartlara cavab verməyən məhsul və xidmətlərin mövcudluğu hamını narahat edən problem olaraq qalır. Bu gün ölkəmizdə istehlakçıların mənafelərinin qorunması üçün dövlət tərəfindən müxtəlif istiqamətlərdə geniş tədbirlər həyata keçirilir. Qeyd edim ki, ötən dövr ərzində istehlakçıların hüquqlarının qorunması ilə bağlı bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülüb, bununla bağlı normativ-hüquqi aktlar təsdiq edilib, qanunvericilik bazası daha da möhkəmləndirilib".

O.Məmmədov əlavə edib ki, bu gün ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi, o cümlədən daxili bazarın formalaşdırılması və qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifələrdən biri mövcud tələbatı yerli istehsal hesabına yüksək keyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir. Həmçinin, ölkəmizdə istehlakçıların hüquqlarının qorunması istiqamətində sahibkarların digər maraqlı tərəflərlə əlaqələrinin genişləndirilməsinin təşviqi üçün daha əlverişli mühitin yaradılması əsas vəzifələrdən biridir: "Təqdirəlayiq haldır ki, ölkəmizdə bu siyasətin həyata keçirilməsində, belə tədbirlərin təşkilində biznes subyektləri özləri təşəbbüs göstərərək fəal iştirak edirlər. Əlbəttə ki, bu cür tədbirlər ölkə iqtisadiyyatının inkişafına bir töhfədir. Bundan irəli gələrək KOBİA tərəfindən mütəmadi olaraq ölkəmizdə keçirilən sərgi və yarmarkalarda sahibkarların iştirakına, o cümlədən mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə müvafiq dəstək göstərilməkdədir. Həyata keçirilən bu kimi tədbirlər zamanı istehlakçıların maraqları nəzərə alınaraq, biznes subyektlərindən təqdim etdikləri məhsul və xidmətlərin müvafiq standartlara cavab verməsi tələb olunur".