Yanvar-fevral aylarında vergi ödəyicilərinə ümumilikdə 202 mindən çox xidmət göstərilib

2023.03.15 12:17 (UTC+04:00)

2023-cü ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 105.885 şəxs qəbul edilib və onlara 202.666 sayda xidmət göstərilib ki, bunlardan 56 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 54 mindən yuxarı isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Dövlət Vergi Xidmətindən "vergiler.az"a verilən məlumata görə, dövr ərzində göstərilmiş ümumi elektron xidmətlərin şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla,89,1 faizini bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi; vergi ödəyicisinin fəaliyyətinin dayandırılması; sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi; vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi; fiziki şəxsin uçota alınması və yenidən uçota alınması; “Asan İmza” sertifikatlarının verilməsi; vergi ödəyicisinə arayışların verilməsi; fiziki şəxsin uçotdan çıxarılması təşkil edib.

Dövr ərzində 810 vergi ödəyicisinin iştirakı ilə 58 görüş keçirilib, 916 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərindən daxil olmuş 7,4 mindən çox yazılı müraciət cavablandırılıb, 3,4 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 345 mindən çox SMS göndərilib.