Altay Dyusekeyev: “Karbohidrogen ehtiyatlarının Avropaya nəqli üçün Azərbaycanda bütün lazımi infrastruktur var”

2023.03.15 12:53 (UTC+04:00)

Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın əsasını neft-qaz sənayesi təşkil edir. Bunu “vergiler.az”a qazaxıstanlı iqtisadçı ekspert, AMANAT partiyasının İctimai Siyasət İnstitutunun sosial-iqtisadi təhlil şöbəsinin müdiri Altay Dyusekeyev deyib.

A.Dyusekeyevin sözlərinə görə, Azərbaycanda karbohidrogen ehtiyatlarının Avropaya nəqli üçün bütün lazımi infrastruktur var. Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə daşınmasında yaranan çətinliklər fonunda ölkələrimiz arasında enerji sektorunda əməkdaşlıq potensialı aktuallaşıb.

“Əvvəllər “Tengiz” yatağından hasil edilən neftin bir hissəsinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tranziti barədə Azərbaycanla Qazaxıstan arasında müqavilə var idi, lakin 2017-ci ildən, demək olar ki, bütün neft tranziti CPC neft kəməri ilə həyata keçirilirdi”, - o, deyib.

A. Dyusekeyev qeyd edib ki, bəzi ekspertlər, o cümlədən azərbaycanlı ekspertlər hesab edirlər ki, Qazaxıstandan iki boru kəməri - Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa ilə ildə təxminən 6-7 milyon ton neft nəql etmək mümkündür.

“Bu yaxınlarda iki ölkənin aparıcı telekommunikasiya şirkətləri - “AzerTelecom” və “Kazaktelecom” arasında Xəzər dənizinin dibi ilə fiber optik rabitə xəttinin çəkilməsi layihəsi çərçivəsində əməkdaşlıq şərtləri haqqında Saziş imzalanıb. Artıq Transxəzər fiber optik kommunikasiya xətti layihəsi Avropa ilə Asiyanı birləşdirəcək Rəqəmsal İpək Yolu layihəsinin bir hissəsidir”, - Dyusekeyev vurğulayıb.

A. Dyusekeyevin fikrincə, ölkələrimizin ərazisinin yüksək keyfiyyətli, fasiləsiz mobil rabitə və internetlə əhatə olunmasını təmin edəcək, hər bir istifadəçinin kibertəhlükəsizlik sistemini gücləndirəcək bu layihə mütləq zəruridir: “Ölkələrimiz internetləşmənin yüksək səviyyəsinə nail olmağa çalışır. Qazaxıstanda kənd yerlərində internetlə bağlı müəyyən problemlər var, ona görə də bu layihə mümkün qədər çox insanı genişzolaqlı internetlə əhatə edəcək”.

Tamilla MƏMMƏDOVA