Vergi ödəyicilərinə göndərilən uyğunsuzluq məktubları dəyişir

2023.03.15 11:31 (UTC+04:00)

Vergi orqanlarından göndərilən uyğunsuzluq məktublarına dəyişiklik edilməsi nəzərdə tutulmuşdur. “vergiler.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini, idarə rəisinin vəzifələrini icra edən Samir Qəhrəmanov “Vergi və Mühasibatlıq Zirvəsi” tədbirində məlumat verib. Onun sözlərinə görə, daxil olan müraciətlərə əsasən hazırda sahibkarlar bəzən uyğunsuzluq məktublarını başa düşməkdə əziyyət çəkirlər:

“Bəzi hallarda yazılan elektron məktublarda uyğunsuzluqların həcmi böyük olduqda sahibkarlar məktubları anlamaqda çətinlik çəkirlər. Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərindən daxil olan müraciətləri araşdırdığımız zaman müəyyən edilmişdir ki, bir çox hallarda uyğunsuzluqları, sahibkarlara və yaxud mühasiblərə izah edildikdə onlar özləri də bəyannamələrdəki kənarlaşmaları anlayır və bəyannamədə olan uyğunsuzluğu qəbul edərək yenidən düzgün formada dəqiqləşdirilmiş bəyannamə təqdim edirlər. Buna görə də artıq bununla bağlı işlər gedir. Bu gün göndərilən uyğunsuzluq məktublarında uyğunsuzluq mətnləri cümlə şəklində qeyd olunur və bəyannamənin sətirlərinə istinadlar edildiyi üçün sətirlərin sayı da çox olur. Dövlət Vergi Xidməti tərəfindən artıq bəyannamələrdə yaranan elektron uyğunsuzluların cədvəl formasına dəyişdirilməsi ilə bağlı işlər görülür.

S.Qəhrəmanov əlavə edib ki, cədvəl şəklində olan uyğunsuzluq məktubunda bəyannamədə vergi ödəyicisinin göstərdiyi rəqəmlər, vergi uçot-baza məlumatlarında olan rəqəmlər və aradakı fərq əksini tapacaq. Yəni, artıq həmin cədvəldə sahibkarlar üçün hansı sətirdə fərq yarandığı, uyğunsuzluğun səbəbi aydın görünəcəkdir.