Altay Dyusekeyev: “Azərbaycanın enerjinin bir hissəsini ixrac etməsi ölkə iqtisadiyyatı üçün böyük artıma səbəb olacaq”

2023.03.15 11:08 (UTC+04:00)

Bakı, xüsusən də Xəzər dənizinin Azərbaycan sektoru coğrafi şəraitinə görə günəş və külək enerjisi istehsalı üçün böyük potensiala malikdir.

Bunu “vergiler.az”a açıqlamasında qazaxıstanlı iqtisadçı ekspert, AMANAT Partiyasının İctimai Siyasət İnstitutunun Sosial-iqtisadi təhlil şöbəsinin müdiri Altay Dyusekeyev deyib. “Bildiyimə görə, Azərbaycan istehsal edəcəyi enerjinin bir hissəsini qonşu ölkələrə ixrac etməyi planlaşdırır ki, bu da ölkənizin iqtisadiyyatı üçün böyük artıma səbəb olacaq”, - o, deyib.

Ekspertin sözlərinə görə, bərpa olunan enerji daşıyıcılarının istehsalı qlobal tendensiyadır və bu istiqamətdə ölkələrimizin müəyyən uğurları, böyük məqsədləri var.

“Qazaxıstana gəlincə, biz də “yaşıl iqtisadiyyat”a doğru irəliləməyə çalışırıq. “Qazaxıstan Strategiyası - 2050” keçid konsepsiyası qəbul edilib ki, onun məqsədi ölkənin enerji balansında alternativ və bərpa olunan enerjinin payını 2030-cu ildə 15%-ə, 2050-ci ildə isə 50%-ə çatdırmaqdır”, - ekspert qeyd edib.

O, vurğulayıb ki, bu gün Qazaxıstan Respublikasında quraşdırılmış gücü 2400 MVt olan 130 bərpa olunan enerji obyekti fəaliyyət göstərir. 2023-cü ildə ümumi gücü 276 MVt olan 15 obyekt istismara veriləcək: “Beləliklə, Qazaxıstan bərpa olunan enerji mənbələrindən istifadəni tədricən genişləndirmək niyyətindədir”.

Tamilla MƏMMƏDOVA