İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. Xidmətdən “vergiler.az”a bildirilib ki, statistik göstəricilərə əsasən, 2023-cü ilin yanvar-fevral ayları ərzində 80 274 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,6% çoxdur.
Məlumata əsasən, cari ilin ilk 2 ayı ərzindəki göstəricinin 13 613-ü (17%) ilkin, 66 661-i (83%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-fevral ayları ərzində ilkin qeydiyyat 16,5% artıb.