Pərakəndə ticarət dövriyyəsi artıb

2023.03.14 14:52 (UTC+04:00)

2023-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,2 milyard manatlıq, o cümlədən 4,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən “vergiler.az”a verilən məlumata görə, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6 faizini təşkil edib. 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin ilk iki ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,3 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz, bazar və yarmarkalarda 2,3 faiz artıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 405,5 manatlıq, o cümlədən 228,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 177,5 manatlıq qeyri-ərzaq malları alıb.