Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 173,7 milyon manat təşkil edib. Bu barədə "vergiler.az"a Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, əldə olunan gəlirlərin həcmi 2022-ci ilin eyni dövrünə nisbətdə 13,7 milyon manat və ya 8,5 faiz artıb.
Bu ilin fevral ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 6,8 faiz və ya 5,2 milyon manat artaraq 81,5 milyon manat olub. Bu ilin yanvar ayı ilə müqayisədə isə bu göstərici 11,6 faiz və ya 10,7 milyon manat azalıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 37,8 faizini təşkil edib.
Ümumilikdə cari ilin ilk iki ayında ölkənin informasiya və rabitə müəssisələri tərəfindən 459,3 milyon manatlıq xidmət göstərilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,7 faiz çoxdur. Xidmətlərin 71,2 faizi əhali tərəfindən istehlak olunub.