KOBİA və BP arasında əməkdaşlığa dair yeni Anlaşma Memorandumu imzalanıb

2023.03.13 12:57 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və BP arasında əməkdaşlığa dair yeni Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan “vergiler.az”a verilən məlumata görə, sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Yeni sənəd tərəflər arasında səmərəli əməkdaşlığın davamıdır. Memorandum çərçivəsində KOBİA və bp ölkədə sahibkarlığın dəstəklənməsini hədəfləyən layihələrdə tərəfdaşlıq edəcəklər.

KOBİA və BP-nin dəstəyi ilə birgə həyata keçiriləcək iki yeni layihə barədə də məlumat verilib. Layihələrdən biri kənd yerlərində gənc sahibkarların inkişafına dəstək məqsədi daşımaqla Samux, Goranboy və Şəmkir rayonlarında həyata keçiriləcək. Layihə çərçivəsində aztəminatlı ailələrdən olan və sahibkarlığa maraq göstərən gənclər seçilərək onlara gələcək biznes fəaliyyətlərinə hazırlıq üçün təlim keçiləcək. Təlimləri uğurla başa vuracaq gənclərə kiçik bizneslərini qura bilmələri üçün lazımi avadanlıqlar veriləcək, onlara mentor dəstəyi göstəriləcək. Layihə “Kənd İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunacaq.

Digər layihə isə Tovuz rayonunda aqroturizmin inkişafına dəstək məqsədi daşıyır. Layihə bu rayondan seçilən aztəminatlı ailələr üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutur. Layihə çərçivəsində aqroturizmlə məşğul olan yeddi sahibkarlıq subyektinin işçi heyəti üçün təlimlər keçiriləcək, mentorluq dəstəyi göstəriləcək və həmin müəssisələr avadanlıqlarla təchiz olunacaq. Bundan başqa, ehtiyac olduğu halda həmin sahibkarlıq obyektlərinin təmirinə də dəstək göstəriləcək. Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən icra olunacaq.