Bu ilin yanvar-fevral ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 008 889,2 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9 faiz çoxdur.
"vergiler.az"ın Komitənin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 23,6 faiz artaraq 241 927,7 min manat təşkil edib. ƏDV üzrə daxilolmalar isə 21,6 faiz artaraq 728 407,9 min manata bərabər olub.
Aksizlər üzrə cari ilin ilk iki ayında daxilolmalar 66 faiz artaraq 29 760,5 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 8 793,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 4,8 faiz çoxdur.
Bu ilin fevral ayında Komitənin xətti ilə dövlət büdcəsinə 502 109,6 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 20,4 faiz çox, bu ilin yanvar ayı ilə müqayisədə isə 0,9 faiz azdır.
Fevralda dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 18,2 faiz artaraq 119 995,1 min manat olub. Yanvar ayı ilə müqayisədə isə bu göstərici 1,6 faiz azalıb.
Bununla yanaşı, cari ilin fevral ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 20,5 faiz artaraq 362 846,2 min manat (bu ilin yanvar ayı ilə müqayisədə 0,7 faiz az), aksizlər üzrə 56,3 faiz artaraq 14 919,2 min manat (yanvar ilə müqayisədə 0,5 faiz çox), yol vergisi üzrə daxilolmalar isə 8,1 faiz azalaraq 4 349,1 min manat (yanvar ilə müqayisədə 21,1 faiz az) təşkil edib.