Çexiyada investisiya imkanları müzakirə olunacaq

2023.03.13 10:48 (UTC+04:00)

Martın 22-də Praqada "Caspian Energy Club" və "Caspian Energy Czechia"nın birgə təşkilatçılığı ilə 13-cü beynəlxalq "Caspian Energy Investment Forum Prague 2023" tədbiri keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, hər il keçirilməsi planlaşdırılan forumun məqsədi maraq göstərilən ölkələrə investisiyaların cəlb edilməsi və biznesin genişləndirilməsidir. AZPROMO beynəlxalq foruma rəsmi dəstək göstərəcək.

Beynəlxalq tədbirdə Xəzər, Qara dəniz və Baltik regionları ölkələrinin dövlət qurumlarının 200-dən çox nümayəndəsi, dövlət və özəl şirkətlərin top-menecerləri iştirak edəcək. Müzakirələr yeni imkanlar və perspektivlər, “yaşıl” enerji, Avropanın enerji təhlükəsizliyi, texnoloji innovasiyalar və rəqəmsal inkişaf, eləcə də Çexiyada investisiya imkanları mövzularını əhatə edəcək. Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiyada Çexiyanın inkişaf modeli, ikinci sessiyada Avropa ölkələri ilə türk dövlətlərinin işgüzar dairələri arasında əməkdaşlıq məsələsi, üçüncü sessiyada isə iqtisadi islahatların regiona müsbət təsiri və yeni investisiya imkanları müzakirə olunacaq.