DVX: Sosial sığorta haqları vaxtında və tam həcmdə ödənilməlidir VİDEO

2023.03.10 14:11 (UTC+04:00)

“Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən, fərdi sahibkarlar tərəfindən məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi tələb olunur.

Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, bununla yanaşı “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq, fərdi sahibkarlar öz işçilərinə münasibətdə işsizlikdən sığorta haqqını da hesablamalı və ödəməlidirlər.

Məlum olduğu kimi, son illərdə qanunvericilikdə edilən dəyişikliklərin əsas istiqamətlərindən biri “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına və qeyri-formal məşğulluğun aradan qaldırılmasına yönəlib. Qeyd etmək istərdik ki, vergi ödəyicisinin gələcək pensiya təminatı onun ödədiyi sosial sığorta haqqından asılıdır. Sosial sığorta vəsaiti fərdi hesabda toplanılır və gələcəkdə pensiya hüququnu təmin edir. Eyni zamanda, ailə başçısının itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti və digər sosial sığorta hadisələri zamanı sığortaolunanların sığorta ödəməsi almaq hüququ yaranır.