Akkreditasiya sahəsində nəzarətin təşkili üçün rəqəmsal platforma yaradılır

2023.03.10 10:27 (UTC+04:00)

Dövlət satınalmalarına nəzarətin həyata keçirilməsi ilə bağlı “Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

“Caspian Energy Club”dan “vergiler.az”a verilən məlumata görə, bunu B2G forumunda çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, etender.gov.az portalının funksionallığının artırılması üzrə təkmilləşdirmə işləri aparılıb, istifadəçi interfeysi yenilənib.

Xidmət rəisi hazırda ölkədə elektron rəqabət portalı və standartlaşdırma, metrologiya və akkreditasiya sahəsində nəzarətin təşkili üçün rəqəmsal platforma - keyfiyyət portalı yaradılması istiqamətində işlərin aparıldığını bildirib.