Rəqabət Məcəlləsi istehlakçıların rifahını təmin edəcək

2023.03.10 10:17 (UTC+04:00)

Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanda rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək.

“Caspian Energy Club”dan “vergiler.az”a verilən məlumata görə, bunu B2G forumunda çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, Rəqabət Məcəlləsi mövcud qanunvericilik aktları əsasında, beynəlxalq təcrübə, o cümlədən Avropa, MDB dövlətlərinin təcrübələri öyrənilməklə hazırlanır.

M.Abbasbəyli həmçinin "Ticarət fəaliyyəti haqqında" qanun layihəsi üzərində işlərin davam etdiyini qeyd edib. Bildirilib ki, qanun ölkə ərazisində ticarət fəaliyyətinin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını və bu sahədə sahibkarlıq subyektlərinin öz aralarında yaranan münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bazara girişini asanlaşdıracaq və onların iri sahibkarlıq subyektləri qarşısında mənafelərini təmin edəcək.