“Yaşıl” enerji layihələri müzakirə edilib

2023.03.09 17:20 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti və məsləhətçi şirkətlərin nümayəndələri arasında “yaşıl” enerji sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən “vergiler.az”a verilən məlumata görə, görüşdə “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan 10 QVt-lıq “yaşıl” enerji layihələrinin inkişafı ilə bağlı məsləhətçi şirkətlər tərəfindən aparılan araşdırmaların nəticələri təqdim olunub, təkliflər qiymətləndirilib.

Şirkətlərin nümayəndələri tərəfindən Xəzər dənizinin Azərbaycandakı sektorunda külək enerjisi potensialından istifadə edilməklə “yaşıl” hidrogen istehsalı barədə geniş məlumat verilib.

İki gün ərzində davam edən müzakirələrdə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya “yaşıl” hidrogen ixracı imkanları, “yaşıl” hidrogenin inkişafı istiqamətləri, müxtəlif ssenarilərdə elektrik enerjisi istehsalı, istehlakı, gələcəkdə Azərbaycanın elektrik enerjisi tələbatında hidrogen enerjisinin istifadə imkanları barədə aparılan araşdırmaların nəticələri barədə danışılıb, qarşılıqlı müzakirələr aparılıb.