Yerli şirkətlər üçün e-ticarət konsultasiya mərkəzi yaradılır

2023.03.09 16:22 (UTC+04:00)

EU4Digital təşəbbüsü ilə Azərbaycanda yerli şirkətlər üçün elektron ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “vergiler.az”a verilən məlumata görə, layihənin məqsədi bizneslərə beynəlxalq bazara çıxış, logistika, marketinq, vergi və digər sahələrdə yaranan çağırışlarda dəstək olmaqdır.

Cari ilin mart, aprel və may aylarını əhatə edən layihədə iştirak Azərbaycan bizneslərinə beynəlxalq bazarlarda qeydiyyatdan keçmək, e-ticarət üçün düzgün məhsulları və onların marketinq strategiyasını seçmək, müştərilərə effektiv xidmət göstərmək, logistik imkanlardan istifadə, hesabın və ya məhsulun bloklanma səbəblərini anlamaq, e-ticarətlə bağlı yaranan hüquqi, vergi, maddi-texniki və digər problemlərin həll yollarını tapmaq imkanı yaradacaq.