Naxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb

2023.03.09 12:53 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti (DVX) tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

DVX-dan “vergiler.az”a verilən məlumata görə, bu ilin yanvar ayının 1-nə muxtar respublikada quraşdırılan yeni nəsil NKA-ların sayı 73 ədəd olduğu halda, cari ilin 2 ayı ərzində 13 dəfədən çox artaraq 980 ədəd təşkil edib.

İlin əvvəlində ümumilikdə obyektlərin 3,8 faizində yeni kassa aparatları quraşdırılmışdısa, martın 1-nə bu rəqəm 50,6 faiz təşkil edib.

Yeni nəsil NKA-nın tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.