8 Mart – Beynəlxalq Qadınlar Günüdür

2023.03.08 10:30 (UTC+04:00)

Zəngin mənəvi dünyaya malik olan Azərbaycan qadını bu gün həm də dövlət quruculuğu işinin fəal iştirakçısıdır. Bu gün Azərbaycan qadını öz səmərəli fəaliyyəti ilə ölkənin sosial-iqtisadi həyatında, milli iqtisadiyyatın müasir əsaslar üzərində qurulmasında fəal iştirak edir.

Sevindirici haldır ki, son ərzində ölkəmizin davamlı yüksəlişi naminə töhfələrini əsirgəməyən qadınların iqtisadi sahədə fəallığı artır. Vergi orqanlarında əzmlə çalışan xanımlarımızın sayı da ildən-ilə çoxalır. Fəxr hissi ilə deyə bilərik ki, bu gün vergi orqanlarında çalışan xanımlarımız ən müxtəlif vəzifələri icra edirlər. Rəhbərliyin göstərdiyi yüksək diqqət və etimad sayəsində Dövlət Vergi Xidmətinin (DVX) Mərkəzi Aparatında və onun yerli strukturlarında yüksək vəzifələrdə çalışan və idarəçilik vəzifəsinin öhdəsindən məsuliyyətlə gələn qadınlar var.

vergiler.az” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə DVX-nin qadın əməkdaşlarının fikirlərini öyrənib:

Samirə Musayeva, DVX-nin rəis müavini

22 yaşımdan vergi orqanlarında fəaliyyətə başlamışam. Hər zaman işimə böyük həvəs, məsuliyyət və möhkəm iradə ilə yanaşmışam. Sıravi işçidən xidmət rəisinin müavininədək uzanan bir yol keçmiş şəxs kimi deyə bilərəm ki, Dövlət Vergi Xidmətində çalışmaq mühüm nailiyyətdir və bu sistemdə hər bir işçinin əməyi obyektiv şəkildə qiymətləndirilir. Unutmamalıyıq ki, vergi işi kifayət qədər əzm, bilik, iradə, davamlı şəxsi inkişaf və məsuliyyət tələb edir.

İşimizin nəticələri cəmiyyətin, sahibkarlıq mühitinin, habelə ölkə iqtisadiyyatının inkişafına töhfə verdikcə biz də böyük motivasiya alırıq. Hər birimizin amalı Azərbaycan naminə çalışmaqdır.

Fürsətdən istifadə edərək, bütün xanımları, o cümlədən öz fədakarlığı və zəhməti ilə vergi sisteminin inkişafına xidmət edən qadın həmkarlarımı ürəkdən təbrik edir, onların hər birinə qadın səadəti, işlərində yeni-yeni uğurlar arzulayıram.

Aytən Kərimova, İnsan resursları baş idarəsinin rəisi

Vergi sistemində aparılan islahatların səmərəli nəticə verməsi üçün kadr menecmentinin düzgün həyata keçirilməsi, müasir və nəticəyönümlü yanaşma olduqca vacibdir. Dövlət Vergi Xidmətində mühüm strukturlardan birinə rəhbərlik edirəm və kişi həmkarlarımızla eyni yükü, eyni məsuliyyəti, eyni ağırlığı daşıyıram. Məncə, vergi kimi spesifik sahədə xanımların göstərdiyi nailiyyətlər bir daha sübut edir ki, qadınlar hərəkətverici qüvvə olaraq istənilən sahənin inkişafında məsuliyyəti öz üzərlərinə götürə bilərlər.

Gülnar İsayeva, Vergi siyasəti baş idarəsinin şöbə rəisi

İlk əmək fəaliyyətim vergi orqanlarından başlayıb. Vergi xidməti elə bir sahədir ki, bura düşdüyün gündən fəaliyyətindəki məsuliyyəti dərhal anlayırsan. Bu iş səndən əzmkar xarakter, yaradıcılıq, eyni zamanda məsuliyyət və gərginliyə davamlılıq tələb edir. Düşünürəm ki, çıxdığınız bir yolda uğura nail olmağınız üçün çalışdığınız qurumun hədəflərini görə bilməklə yanaşı, fərdi inkişafınıza da nail olmalısız.

İqtisadiyyat Nazirliyinin yeni nəsil idarəçilərin hazırlanması ilə bağlı təşkil etdiyi karyera inkişaf proqramına - “Uğur yolu”na qatılanda və layihənin qalibləri sırasında yer alanda bir daha əmin oldum ki, dəyərləri artırmaq çox vacibdir, qiymət isə həmişə yerini tapır.

Validə Muradova, İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin şöbə rəisi

Müstəqil Azərbaycanın vergi sisteminin yaradıldığı ilk illərdən bu qurumun sıralarında xidmət edirəm. Ötən 31 il ərzində işlədiyim sahədə hər zaman hörmət, diqqət və qayğı hiss etmişəm. Vergi sistemində çalışmaq və uğur qazanmaq hər bir insandan böyük fədakarlıq, yüksək bilik səviyyəsi və alicənab davranışa əsaslanan peşəkarlıq tələb edir. Düşünürəm ki, gördüyün işin ölkənin, Vətənin inkişafına xidmət etdiyini hiss etmək, vergi xidmətinin bugünkü nailiyyətlərində sənin də payının olmasını bilmək hər kəs üçün, xüsusilə də xanımlar üçün çox qürurvericidir.

Ülkər Kazımova, DVX-nin Tədris Mərkəzinin şöbə rəisi

Vergi orqanlarına ilk dəfə qəbul edildikdən və 3 il vergi ödəyicilərinə xidmət sahəsində çalışdıqdan sonra vergi sahəsi üzrə bilik və bacarıqlarımı təkmilləşdirmək məqsədlə ABŞ-da beynəlxalq vergi hüququ üzrə magistr təhsil almaq səbəbindən bu qurumdakı işimdən ayrılmalı oldum. Lakin burada yenidən işləmək arzum hər zaman qüvvədə idi. 6 il xarici və yerli özəl təşkilatlarda fəaliyyət göstərdikdən sonra Dövlət Vergi Xidmətində yenidən işə başladım. Fikrimcə, əldə etdiyim yeni bilik və bacarıqlarla respublikamızda proqressiv istiqamətdə gedən vergi islahatlarının kiçik bir parçası olmaq üçün bu addımı atmağa dəyərdi. Çalışdığım sahədə təkmilləşmək üçün daim inkişaf etməyin məsuliyyətini hər zaman dərk edirəm.

Ramilə Mustafayeva, 9 saylı ƏVİ-nin baş dövlət vergi müfəttişi

Vergi xidmətində 1997-ci ildən çalışıram. Bu müddət ərzində özümü vergi orqanından başqa digər idarə və təşkilatlarda görə bilmədim. Hər bir peşə şərəfli olduğu kimi, mənim üçün də ən şərəfli peşə vergi orqanlarında xidmətdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2022-ci ildə “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalla təltif olunmuşam. Bu, mənim əməyimə verilmiş ən böyük qiymətdir. Düşünürəm ki, bu gun vergi orqanında çalışan hər bir əməkdaş, xüsusilə də qadınlar öz potensialını göstərmək üçün bütün imkanlara malikdir. Vergi oqranında çalışmağımla fəxr edirəm.

İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin
müxtəlif strukturlarında çalışan xanımlar

DVX mərkəzi aparat


DVX aparatı və strukturuna daxil olan qurumlar (Landau 16)

Milli Gəlirlər Baş İdarəsi


​​Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi

Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi (Binəqədi)


Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi (Nərimanov)


Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi


Tədris Mərkəzi


2 saylı Ərazi Vergilər Baş İdarəsi


3 saylı Ərazi Vergilər İdarəsi


4 saylı Ərazi Vergilər İdarəsi


5 saylı Ərazi Vergilər İdarəsi


6 saylı Ərazi Vergilər İdarəsi


8 saylı Ərazi Vergilər İdarəsi


9 saylı Ərazi Vergilər İdarəsi


10 saylı Ərazi Vergilər İdarəsi


11 saylı Ərazi Vergilər Baş İdarəsi


12 saylı Ərazi Vergilər Baş İdarəsi


13 saylı Ərazi Vergilər İdarəsi


14 saylı Ərazi Vergilər İdarəsi


"Vergilər" qəzeti

Zərifliyin və gözəlliyin rəmzi olan Azərbaycan xanımları, bayramınız mübarək!