Logistika subsidiyası ixrac potensialını artıracaq

2023.03.07 14:26 (UTC+04:00)

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə ixracatçılara logistika subsidiyasının verilməsi ilk növbədə ölkəmizin ixrac potensialının artmasına gətirib çıxaracaq.

Bunu “vergiler.az”a Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli deyib.

Onun sözlərinə görə, ixracın stimullaşdırılmasına xidmət edən bu yeniliyin tətbiqi “Made in Azerbaijan" brendi altında istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artmasına səbəb olacaq: “Dünya iqtisadiyyatının hazırkı ağır dönəmində belə bir addımın atılması ixracatımıza müsbət təsir edəcək. Digər tərəfdən, Azərbaycanın ərazisindən nəqliyyat dəhlizləri keçir və logistika subsidiyasının verilməsi ərazimizdən keçən tranzit yüklərin qiymətlərinin enməsinə gətirib çıxaracaq. Bu, bizim tranzit mövqeyimizi və rəqabət qabiliyyətimizi artıracaq. Hesab edirəm ki, bu, çox vacib, dayanıqlı inkişafımızı təmin edəcək bir məqamdır”.

İqtisadçı alimin fikrincə, ilkin dövrdə subsidiyaların verilməsi mərhələli ola bilər. Yükdaşımanın dövriyyəsi artdıqca, dünya iqtisadiyyatında baş verən proseslərə uyğun olaraq, subsidiyalar da artacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərinə əlavə və dəyişikliklər edilməsi üçün təkliflər hazırlayır. Təkliflərə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək ixracatçılar üçün logistika subsidiyasının müddətinin 10, digər ərazilərdə 5 il olması nəzərdə tutulur. Mexanizmin tətbiqi zamanı məhsul üzrə çeşidlənmə nəzərdə tutulub. Ən önəmli çeşidlənmə isə ölkələr üzrə olacaq. Təkliflər qəbul olunarsa, bu ilin ikinci yarısından yeni mexanizm təqdim edilə bilər.