Dövlət satınalmaları ilə bağlı yekun protokollar təhlil edilərkən sahibkarlıq subyektləri tərəfindən bəzi dövlət orqanları adından hazırlanan sənədlərə müdaxilə edilərək saxtalaşdırılmasına dair ilkin dəlillər aşkarlanıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, Xidmət tərəfindən dövlət satınalmalarında bəzi qanun pozuntusu halları ilə əlaqədar Baş Prokurorluğa müraciət edilib. Müxtəlif dövlət qurumlarından daxil olan yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilən açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Belə ki, “Maybo Calibration” MMC, “Ural As Servis” MMC, “Kremon” MMC, “Tean LM” MMC, “Fərid-FB” MMC və fiziki şəxs Təhməzov Vüqar Rafiq oğlu tərəfindən müxtəlif dövlət orqanları adından hazırlanan sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair aşkarlanan ilkin dəlillər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.