Azərbaycan nümayəndə heyəti Çexiyaya səfər edib

2023.03.06 10:53 (UTC+04:00)

İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, Çexiyanın sənaye və ticarət nazirinin müavini Petr Tresnak ilə görüşdə ölkələr arasında əlaqələrin inkişaf etdiyini vurğulayan S.Məmmədov qeyd edib ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər və işgüzar tədbirlər bu baxımdan mühüm rola malikdir. Bildirilib ki, Çexiya ilə iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bununla yanaşı, qarşılıqlı ticarət, investisiya, sənaye, neft-qaz, nəqliyyat-tranzit, turizm və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.

Tədbirdə Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə reinteqrasiya və biznesin dirçəldilməsi məqsədilə görülən işlər, investorlara yaradılan imkanlar barədə ətraflı məlumat verilib.

Çexiyanın sənaye və ticarət nazirinin müavini P.Tresnak ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini bildirib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın 5-ci iclası

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 5-ci iclası keçirilib.

İclasda qarşılıqlı iqtisadi əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin önəmi, bu baxımdan Qarışıq Komissiyanın əlverişli platforma olduğu diqqətə çatdırılıb, çex şirkətləri azad olunmuş ərazilərimizdə, həmçinin Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında layihələrin həyata keçirilməsində iştiraka, habelə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasında əməkdaşlığa dəvət olunub.

İclasda ticarət, investisiya, sənaye, maliyyə, nəqliyyat, enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, innovasiya, texnologiya, turizm və hava nəqliyyatı, torpaq planlaşdırılması, standartlaşdırma və s. sahələr üzrə geniş əməkdaşlıq qurulması barədə müzakirələr aparılıb.

Ticarət, investisiya və işgüzar əlaqələrə dair konfransda əməkdaşlıq imkanlarına dair təqdimatlar keçirilib

Çexiya və Azərbaycan Respublikası arasında ticarət, investisiya və işgüzar əlaqələrə dair Konfrans keçirilib. Konfransda ticarət, investisiya, KOB sahələrində əməkdaşlıq, “yaşıl iqtisadiyyat”, innovasiya, enerji və ətraf mühit layihələri, su idarəçiliyi və s. məsələlər müzakirə olunub, bu istiqamətlər üzrə tərəfdaşlıq imkanlarına dair təqdimatlar olub.

Çex şirkətləri ilə görüşlərdə Azərbaycanda işgüzar mühit barədə məlumat verilib

İqtisadiyyat nazirinin müavini S.Məmmədov Çexiyada “Şkoda Avto”, “Şkoda Transportation”, “Tatra”, “AZD Praha” və “Mavel” şirkətlərinin təmsilçiləri ilə görüşüb, görüşlərdə ölkəmizdəki işgüzar mühit, sənaye zonalarında tətbiq edilən güzəşt və imtiyazlar, ölkəmizdə avtomobil və onun ehtiyat hissələrinin istehsalının lokallaşdırılması, Azərbaycan şirkətləri ilə əməkdaşlıq məsələləri və s. barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, AZPROMO, KOBİA, 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin nümayəndələri də Çexiyanın müvafiq qurumları ilə ikitərəfli tərəfdaşlığa dair məhsuldar görüşlər keçirib.