Çinin Heyloncian əyaləti ilə əməkdaşlıq imkanları müzakirə olunub

2023.03.01 14:14 (UTC+04:00)

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Heyloncian Əyalət Komitəsinin vitse-prezidenti Tan Bayçenin rəhbərlik etdiyi Çin şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, görüşdə AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılı qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, Azərbaycan şirkətlərinin çinli tərəfdaşlarla əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüş zamanı CCPIT-nin Heyloncian Əyalət Komitəsinin vitse-prezidenti Tan Bayçen bildirib ki, Azərbaycana səfərin məqsədi ölkəmizlə əməkdaşlığın genişləndirilməsi, Çin şirkətləri üçün potensial tərəfdaşların tapılması, o cümlədən Azərbaycan şirkətlərinin Çində keçirilən beynəlxalq sərgilərdə iştirakının təşkilinə dəstək göstərməkdir.

Görüşdə Azərbaycan şirkətləri 2023-cü ilin iyun ayında Çində keçiriləcək 32-ci Harbin Beynəlxalq İqtisadiyyat və Ticarət Sərgisində, həmçinin oktyabr ayında keçiriləcək 2-ci Çin (Heyloncian) Beynəlxalq Yaşıl Qida Sənayesi Sərgisində iştiraka dəvət olunublar.

Tədbir Azərbaycan və Çin sahibkarlarının B2B görüşləri ilə davam edib.