Bank kreditlərinin 80 faizə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının payına düşür

2023.03.01 13:37 (UTC+04:00)

Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20,3 milyard manat təşkil edir ki, bu kreditlərin 80 faizə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının payına düşür.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, bu barədə “Kredit zəmanət mexanizminin biznesin inkişafında rolu” mövzusunda təşkil olunan ictimai müzakirədə çıxış edərkən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

Onun fikrincə, bu göstərici regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu göstərir.

“Hazırda Azərbaycanda qeydiyyatdan keçən sahibkarların sayı 1,4 milyona yaxındır. Bu rəqəm ölkəmizdə biznes qurmaq, özəl sektorda çalışmaq istəyənlərin çox olduğunun göstəricisidir”, - M.Musayev qeyd edib.

ASK-nın prezidenti biznesin yaradılmasında maliyyə əlçatanlığının mühüm amillərdən olduğunu bildirib.

Onun fikrincə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kreditlərə verilən dövlət zəmanəti mexanizmləri, faizlərin subsidiyalaşdırılması sahibkarların maliyyə əlçatanlığı üçün ən yaxşı alətlərdən biridir. Bu alətlər haqqında sahibkarların məlumatlılığını artırmaq, həmçinin mexanizmin gələcəkdə təkmilləşdirilməsinə ehtiyac var.