SİF müvəkkil kredit təşkilatlarının nümayəndələri üçün müsabiqə keçirir

2023.03.01 12:09 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında "Sənayenin inkişafına dəstək" adlı müsabiqə keçirir.

Fonddan “vergiler.az”a verilən məlumata görə, qaliblər müsabiqə şərtləri daxilində SİF-in vəsaitləri hesabına maliyyələşdirilmiş və sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların layihələrinin sayı əsas götürülməklə müəyyənləşdiriləcək. Müsabiqəyə ən çox layihə təqdim etmiş ilk 3 iştirakçı mükafatlandırılacaq.

Müsabiqə şərtlərinə görə, kreditlər yalnız sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin investisiya layihələrinə verilməlidir. Müsabiqədə Fond tərəfindən 01.03.2023 - 01.07.2023-cü il tarixlərində kredit ayrılmış mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsus layihələrin sayı əsas götürülür.