Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilən 3-cü qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, Agentlik tərəfindən keçirilən müsabiqəyə təqdim edilən 234 layihədən 13-nün maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaq.
Müsabiqəyə 230-u KOB subyekti və 4-ü qeyri-sahibkarlıq subyekti olmaqla ümumilikdə 234 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 106-sı hüquqi, 124-ü fiziki şəxslərə, o cümlədən 223-ü mikro, 6-sı kiçik, 1-i orta sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunan layihələrdən 128-i təhsil, 15-i elm, 29-u tədqiqat, 58-i isə dəstək layihələridir.
Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar: https://smb.gov.az/az/nav/qrant