İxracatçılar üçün yeni mexanizm hazırlanır

2023.02.28 15:16 (UTC+04:00)

"Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərinə əlavə və dəyişikliklər edilməsi üçün iş aparılır.

vergiler.az” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mart ayında bununla bağlı rəylərin Nazirlər Kabinetinə göndərilməsi nəzərdə tutulur: "Əsas məsələlərdən biri budur ki, biz logistika üçün subsidiyanın verilməsini nəzərdə tutmuşuq. Bu subsidiya mexanizmi Azərbaycanda ixracatçılar üçün tətbiq ediləcək. Düşünürük ki, bu, ixracımızın genişləndirilməsinə dəstək olacaq. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək ixracatçılar üçün logistika subsidiyasının müddətinin 10 il, digər ərazilərdə isə 5 il olmasını təklif edəcəyik. Ümid edirəm ki, bizim təkliflər hökumətdə müzakirə edildikdən sonra ilin ikinci yarısından ixracatçılara yeni mexanizmi təqdim edə biləcəyik".