“Made in Azerbaijan” brendi altında istehsal edilən şokolad və konfetlər mart ayından başlayaraq Moldovaya ixrac ediləcək. Bunu "vergiler.az"a “La RAN” MMC-nin rəhbəri Nurlan Nurəliyev deyib.
Onun sözlərinə görə, bu ölkəyə orta seqmentə aid şokolad və konfetlərin ixrac edilməsi nəzərdə tutulur. Hazırda şirkətin ixrac ölkələri Rusiya, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Gələcəkdə isə Gürcüstan və İsrailə də məhsul ixracı planlaşdırılır: “Artıq hər iki ölkədən ixracla bağlı təkliflər alınıb və onların hər ikisinə məhsul nümunələri göndərilib. Hazırda bu yeni istiqamətlər üzrə də ixracın həyata keçirilməsi üçün iş aparılır”.
N.Nurəliyev qeyd edib ki, il ərzində 2400-2500 ton məhsul istehsal edən şirkət onun təqribən 300 tonunu xaricə ixrac edir.