Moldova hökuməti Azərbaycanla ikitərəfli ticarətin həcmini artırmaq niyyətindədir

2023.02.27 16:03 (UTC+04:00)

Moldovanın Baş naziri Dorin Reçan və Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Moldova-Azərbaycan əlaqələrinin dərinləşdirilməsi, o cümlədən Moldovaya investisiyaların artırılması məsələlərini müzakirə ediblər.

vergiler.az” Moldova hökumətinin rəsmi məlumatına istinadən xəbər verir ki, tərəflər hər iki dövlətin vətəndaşlarının mənafeyi naminə səmərəli və qarşılıqlı faydalı tərəfdaşlığın qorunub saxlanılmasının və inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

D.Reçan vurğulayıb ki, hakimiyyət ikitərəfli ticarətin həcmini artırmaq üçün əməkdaşlığın dərinləşdirilməsinə açıqdır. O, həmçinin iki ölkənin biznes icmaları arasında informasiya texnologiyaları, kənd təsərrüfatı və enerji kimi sahələrdə daha dinamik qarşılıqlı fəaliyyətə çağırıb. "Ölkəmizdə bir sıra Azərbaycan şirkətləri fəaliyyət göstərir və biz Moldova Respublikasının coğrafi mövqeyinə uyğun olaraq tətbiq oluna biləcək imkanları birlikdə öyrənməyi təklif edirik", - Baş nazir bildirib.

Öz növbəsində Q.Osmanov Azərbaycan ilə Moldova arasında əlaqələrin xüsusi olduğunu və belə də qalacağını qeyd edərək, Azərbaycanın ikitərəfli gündəmdə olan bir sıra layihələrin həyata keçirilməsinə töhfə verməyə hazır olduğunu təsdiqləyib.