Fermerlərə verilən subsidiya və güzəştlərin həcmi 9 faizədək artıb

2023.02.23 16:23 (UTC+04:00)

2022-ci ildə fermerlərə subsidiyaların ödənilməsi üçün dövlət büdcəsindən 331 074,7 min manat vəsait sərf olunub.

vergiler.az”ın Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki göstəricidən 6,7 faiz və ya 20 962,3 min manat çoxdur.

Ötən il verilən subsidiya məbləğinin 73,4 faizi və ya 242 995,1 min manatı (2021-ci illə müqayisədə 4,5 faiz az) əkin üzrə verilən subsidiyaların payına düşüb.

2022-ci ildə pambıq satışına görə verilən subsidiya məbləği 2 dəfə və ya 28 349,8 min manat artaraq 56 438,3 min manat təşkil edib.

Qalan 31 641,3 min manat subsidiya məbləği isə fermerlərə tütün, şəkər çuğunduru, barama, toxum və tinglərin satışına, habelə süni mayalanma yolu ilə alınan hər buzova, arı ailəsinin saxlanmasına və təkrar əkinlərə görə verilib.

Bununla yanaşı, ötən il fermerlərə təqdim edilən güzəştlərin həcmi 111 700,0 min manat olub ki, bu da 2021-ci ilin eyni göstəricisini 15,1 faiz və ya 14,700 min manat üstələyir. Güzəştlərin 82 900,0 min manatı texnika və avadanlıqların satışına, 28 800,0 min manatı isə damazlıq heyvanların satışına görə verilib.

Ümumilikdə 2022-ci il ərzində fermerlərə təqdim edilən subsidiya və güzəştlərin həcmi 442 774,7 min manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 8,7 faiz və ya 35 662,3 min manat çoxdur.