İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüş keçirilib.
“vergiler.az” xəbər verir ki, görüşdə DVX və KOBİA-nın nümayəndələri, sahibkarlar, yerli konsaltinq şirkətlərinin rəhbərləri iştirak ediblər.
DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə "Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar və elektron qeydiyyatın həyata keçirilməsi" mövzusunda təqdimatla çıxış edib. L.Hüseyn-zadə Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, «Biznesə daxilolma» indikatoru üzrə diaqnostika matrisası üzrə qiymətləndirilən göstəricilərə biznesə daxil olmaq üçün qaydaların keyfiyyəti, biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı, biznesə daxil olmanın səmərəliliyi daxildir. 2008-ci ildən başlayaraq biznesin qeydiyyatının sadələşdirilməsi və təkmilləşdirilməsi barədə görülmüş işlər, əldə edilmiş nailiyyətlər, sahibkarlıq subyektlərinin qeydiyyatına dair statistikada artım görüş iştirakçılarının diqqətinə çatdırılıb.
“Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi bu istiqamətdə islahatların davam etdirilməsini nəzərdə tutur. Xəritə 2 alt indikator üzrə 6 komponentdən və 34 tədbirdən ibarət fəaliyyət planını əhatə edir. Hazırda Yol Xəritəsinin reallaşdırılması üzrə işçi qrupu bir sıra layihələr üzərində çalışır. Bununla bağlı, MMC-nin qeydiyyat məlumatlarında dəyişikliyin elektron qaydada həyata keçirilməsi ilə bağlı proqram təminatının hazırlanması, kommersiya qurumlarının benefisiar mülkiyyətçisi (mülkiyyətçiləri) barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması, kommersiya hüquqi şəxslərin digər təşkilati-hüquqi formalarının elektron dövlət qeydiyyatının həyata keçirilməsi imkanının yaradılması, riskli vergi ödəyicilərinin hüquqi şəxs təsis etmək hüququnun qanunvericiliklə məhdudlaşdırılması kimi tədbirlərin həyata keçirilməsi, “E-notariat” informasiya sistemi çərçivəsində leqallaşdırılmış sənədlərin e-nüsxələrinin müştərinin aidiyyəti ünvanına çatdırılması xidmətinin təşkili ilə bağlı proqram təminatının yaradılması və s. yeniliklərin tətbiqi nəzərdə tutulur.
Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, toplantı iştirakçılarının sualları cavablandırılıb.