Elektron satınalmaların sayı artıb

2023.02.23 10:56 (UTC+04:00)

2022-ci ildə elektron satınalmaların ümumi satınalmalarda payı say üzrə 59,1%, məbləğ üzrə isə 18,8 % təşkil edib.

"vergiler. az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda keçirilən elmi konfransda deyib.

Xidmət rəisinin sözlərinə görə, 2022-ci ildə ümumi satınalmaların məbləği 6,8 milyard manata yaxın olub. Bunun da 95%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.

2021-ci il ilə müqayisədə məbləğ üzrə müsabiqə əsaslı satınalmalar 70,1% artıb, bir mənbədən satınalmalar isə 32,3% azalıb. 2022-ci ildə kotirovka sorğusu metodu ilə keçirilən satınalmalar tamamilə elektronlaşdırılıb.

M.Abbasbəyli əlavə edib ki, 2021-ci il ilə müqayisədə elektron satınalmalar say üzrə 140,9%, məbləğ üzrə isə 58,1% artıb.