Rəqabət Məcəlləsi məhsul və xidmətlərin keyfiyyətinin yüksəlməsini təmin edəcək

2023.02.23 10:51 (UTC+04:00)

Qısa müddətdə qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsi rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə, həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətinin yüksəlməsini təmin edəcək.

vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda keçirilən elmi konfransda deyib. Onun sözlərinə görə, azad rəqabət mühitinin təmin olunması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün bu sahədə fəaliyyətin surətləndirilməsi məqsədilə hazırlanmış Milli Fəaliyyət Proqramının layihəsi bu istiqamətdə atılan növbəti addımdır. Milli Fəaliyyət Proqramı kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına, bəzi təbii inhisar sahələrinin mərhələli şəkildə rəqabətli bazara keçidinin formalaşmasına, rəqabət orqanının təsir dairəsinin genişləndirilməsinə və digər vacib hədəf göstəricilərinə, o cümlədən ölkənin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasına dair tələbləri özündə əks etdirir.