Rəqəmsal bankçılıqla bağlı yeni qanunvericilik aktı hazırlanır

2023.02.22 17:07 (UTC+04:00)

Rəqəmsal bankçılıq xidmətləri üzrə istifadəçilərin təhlükəsizliyinin yüksəldilməsi məqsədilə yeni qanunvericilik aktının hazırlanması istiqamətində işlər davam etdirilir.

Bu barədə “vergiler.az”a Mərkəzi Bankdan məlumat verilib. Qeyd edilib ki, məsafədən bank hesablarının açılmasının bazar tələblərinə və müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə 2022-ci ildə “Bank hesablarının açılması, aparılması və bağlanması” Qaydaları üzrə dəyişiklik layihəsi hazırlanaraq təsdiq edilib. Bununla da məsafədən bank hesabının açılması prosesi sadələşdirilib.

Artıq ölkə ərazisində mobil qurğulardan istifadə olunmaqla “QR” kod ödənişlərinin həyata keçirilməsi də mümkündür:

“Mərkəzi Bankın təşəbbüsü, bank sektoru və beynəlxalq kart təşkilatlarının dəstəyi ilə ölkədə təmassız ödəniş həllərinin çeşidinin artırılması və innovativ texnologiyaların tətbiqi məqsədilə 2021-ci ildə “Apple Pay”, 2022-ci ildə isə “Google Pay” ödəniş həlli Azərbaycanda aktivləşdirilib. Hazırda “Apple Pay” və “Google Pay” xidmətləri 11 bank tərəfindən dəstəklənir”- deyə Mərkəzi Bankdan bildirilib.