"Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə əldə olunacaq əsas imkanlardan biri də turizm sənayesinin inkişafıdır." Bu fikirləri “vergiler.az”a açıqlamasında pakistanlı iqtisadçı, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə beynəlxalq ekspert Kaiser Navab deyib.
“Bu, Xəzər regionunun bir çox mədəni, tarixi və təbii abidələrinə çıxışı asanlaşdırmaqla regionda turizmi gücləndirəcək. Eyni zamanda turistləri daha cəlbedici istiqamətlər, otellər və restoranlar kimi obyektlərlə təmin edəcək, yerli iqtisadiyyatı daha da gücləndirəcək.
Bundan əlavə, bu addım regionda yerləşən ölkələr arasında siyasi və mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək. Təkmilləşdirilmiş ünsiyyət və fikir mübadiləsi nəticəsində ölkələr bir-birinə daha da yaxınlaşacaq və bu, son nəticədə daha çox əməkdaşlığa və qarşılıqlı anlaşmaya gətirib çıxaracaq”, - deyə Navab bildirir.
Ekspert qeyd edir ki, Zəngəzur dəhlizinin bərpası potensial olaraq Xəzər regionu ölkələrinə əhəmiyyətli iqtisadi, siyasi və sosial faydalar gətirə bilər, bununla da regionu dünyanın qalan hissəsi üçün daha cəlbedici etməklə onun əlçatanlığını da artırmış olacaq.
Tamilla MƏMMƏDOVA