Bu il polimer materialların emalı müəssisəsi fəaliyyətə başlayacaq

2023.02.20 16:12 (UTC+04:00)

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Novus Plastica” MMC-nin polimer materialların emalı müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir. İqtisadi Zonaların İnkişafı Agentliyindən “vergiler.az”a verilən məlumata görə, müəssisənin investisiya dəyəri 11 milyon manatdan çoxdur.

Bildirilib ki, layihə üzrə indiyədək görülən işlərə 7,8 milyon manatdan artıq sərmayə qoyulub və işlərin təqribən 70 faizi tamamlanıb.

“50 nəfərədək insanın daimi işlə təmin ediləcəyi müəssisədə iki növdə polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə ediləcək polietilen örtüklərin istehsalı həyata keçiriləcək. İstehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyə, MDB ölkələrinə ixracı nəzərdə tutulur. Müəssisənin 2023-cü ilin birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, “Novus Plastica” MMC-yə 2020-ci ilin avqust ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.