Gəncə Azərbaycanda AYİB-in Yaşıl Şəhərlər proqramına qoşulmuş ilk şəhərdir

2023.02.20 15:07 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycanın ikinci ən böyük Gəncə şəhərində 300 000-dən çox insan üçün şəhər mühitini yaxşılaşdırmaqdan qürur duyur.

Bu barədə "vergiler.az"a AYİB-in Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen məlumat verib.

Onun sözlərinə görə, AYİB-in Yaşıl Şəhərlər proqramı infrastruktur və ekoloji problemlərini davamlı şəkildə həll etmək üçün getdikcə daha çox şəhəri cəlb edir. Gəncə Azərbaycanda AYİB-in Yaşıl Şəhərlər proqramına qoşulmuş ilk şəhərdir və bu il bank bərk məişət tullantılarının toplanması və küçələrin işıqlandırılması ilə bağlı iki layihəyə imza atıb.

“Biz Gəncədə bərk məişət tullantılarının yığılmasını müasir və enerjiyə qənaət edən avtomobillər, ixtisaslaşdırılmış konteynerlər və çənlər, rəqəmsal toplama sistemləri və digər təkmilləşdirmələrlə modernləşdirmək üçün 10 milyon avroya qədər vəsait ayırmışıq. Bu tədbirlər əhatə dairəsini artırmaq, tullantıların nəzarətsiz yandırılmasını minimuma endirmək, əhalinin sağlamlığını və ətraf mühiti yaxşılaşdırmaq, şəhər işçilərinin iş şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır”, - Hansen bildirib.

Direktorun sözlərinə görə, bank şəhərin küçələrinin işıqlandırılmasının modernləşdirilməsinə də 12,5 milyon avroya qədər vəsait ayırıb ki, bu da enerjiyə qənaətcil LED işıqlandırma, işıqlandırmaya avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemlərinin quraşdırılması, elektrik kabellərinin və avadanlıqlarının dəyişdirilməsini əhatə edəcək. Bu, əhəmiyyətli enerji qənaətinə, yol təhlükəsizliyinin yaxşılaşdırılmasına və s. səbəb olacaq.

“Ancaq daha çox şəhər bizə qoşulsa, şad olarıq. Bunun üçün onların təklifləri AYİB-in ekoloji davamlılıq, təhlükəsizlik, satınalma və maliyyə aspektləri kimi geniş spektri əhatə edən siyasət və standartlarına uyğun olmalıdır. Hər bir layihə hərtərəfli qiymətləndirmə tələb edir və müvafiq orqanlar tərəfindən tələb olunarsa, bank hər bir layihə üçün investisiya imkanlarını ayrıca qiymətləndirməkdən məmnun olacaq”, - Hansen əlavə edib.

Tamilla MƏMMƏDOVA