“EY İlin İş Adamı” müsabiqəsinin qalibi elan edilib

2023.02.17 17:11 (UTC+04:00)

EY Azərbaycan şirkəti “EY İlin İş Adamı” müsabiqəsinin qalibini elan edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, müsabiqənin qalibi biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 13 güclü namizəd arasından seçilib.

Müraciətləri hərtərəfli dəyərləndirdikdən sonra münsiflər fərqli nominasiyalar üzrə qalibləri seçiblər. Beləliklə, “İnnovasiya” nominasiyasında “Pickvisa” şirkətinin təsisçisi Baba Ağayev, “Sosial təsir” nominasiyasında “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə, “Regional inkişaf” nominasiyasında isə “Savalan ASPI Winery”nin rəhbəri Fuad Seyidəliyev təltif olunublar.

Builki müsabiqənin qalibi isə “Simbrella” şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov olub. O, Azərbaycanı “Dünya üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edərək dünyanın ən yenilikçi və mötəbər iş adamları ilə mübarizə aparacaq.

KOBİA-nın tərəfdaşlığı ilə keçirilən müsabiqəyə ABB və bp sponsor dəstəyi göstərib. “Veysəloğlu” Şirkətlər Qrupu müsabiqəyə maliyyə dəstəyi verib. “EKVITA” konsaltinq şirkəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO müsabiqənin tərəfdaşları sırasındadır.