İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti Baş İdarəsi tekstil məmulatlarının istehsalı və idxalı ilə məşğul olan bir sıra vergi ödəyicilərinin nümayəndələrinin və Xidmətin aidiyyəti strukturlarının iştirakı ilə onlayn görüş keçirib.
DVX-dən “vergiler.az”a verilən məlumata görə, görüşdə ölkədə tekstil sənayesinin mövcud vəziyyəti və inkişafı ilə bağlı gələcək fəaliyyət istiqamətləri müzakirə olunub, bu sahədə hesabatlılığın sadələşdirilməsi istiqamətində iştirakçılar tərəfindən irəli sürülən təkliflər dinlənilib.
Dövlət-biznes əməkdaşlığının daha da genişləndirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün belə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, mütəmadi olaraq təşkil olunan bu görüşlərin əsas məqsədi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və onların irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlıqdan ibarətdir.