Vergi orqanlarına daxil olan şikayətlərin sayı azalıb

2023.02.17 11:36 (UTC+04:00)

Bu ilin yanvar ayında ümumilikdə vergi orqanlarına 26 672 müraciət daxil olub ki, bunun da 94,1 faizi ərizə, 5,8 faizi şikayət, qalanı isə təklif olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, müraciətlərin 74,9 faizinin baxılması həmin dövrdə başa çatdırılıb, 25,1 faizi hazırda icradadır.

Baxılan müraciətlərdən 73,1 faizi həll olunub, qalanları barədə qanunvericiliyə müvafiq qaydada qərarlar qəbul edilib. Şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz azalıb.

“Həll olunmuş faktiki şikayətlərin böyük əksəriyyəti kameral vergi yoxlamaları, maliyyə sanksiyasının silinməsi, vergi mükəlləfiyyətləri, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcları və digər məsələlərlə bağlı olub”, - Xidmətdən bildirilib.

Ümumilikdə yanvar ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən 34 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı müvafiq izahatlar verilib.