Azərbaycan məhsullarının ABŞ bazarına ixracı genişləndirilir

2023.02.16 18:05 (UTC+04:00)

Azərbaycan məhsullarının ABŞ bazarına ixracı ilə bağlı 5 böyük yerli şirkətlə danışıqlar aparılır və bir neçə məhsulun nümunələri bu ölkəyə göndərilib. Bu barədə "vergiler.az"a “Azexport.az” elektron ticarət portalının rəhbəri Ayxan Qədəşov deyib.

Onun sözlərinə görə, hazırda yerli məhsullar ABŞ-a, əsasən Atlantik okeanı sahilinə yaxın olan səhərlərə, Nyu-York və Vaşinqtona tədarük edilir ki, bu da logistik cəhətdən daha əlverişli ərazilərdir.

“Sakit okean sahilində yerləşən ştatlarda isə Azərbaycan məhsullarına az rast gəlmək olar. Bu baxımdan biz artıq həmin ştatlarda da danışıqlara başlamışıq. İlk olaraq məhsulların Kaliforniyaya göndərilməsi nəzərdə tutulub. Bura əsasən qənnadı və konservləşdirilmiş məhsullar, meyvə şirələri və sair məhsullar daxildir. Müsbət nəticələr əldə olunub və yaxın günlərdə hansı məhsulların ixrac ediləcəyinə dair məlumat veriləcək”, - deyə A.Qədəşov qeyd edib.

ABŞ-ın Azərbaycan məhsullarına dair tələblərinə toxunarkən A.Qədəşov bildirib ki, burada mütləq meyar məhsulların tərkibində kimyəvi maddələrin az olması ilə yanaşı, onların rəf ömrünün uzun olmasıdır. “Misal olaraq, məhsulun ən azı 12 ay saxlanılma müddəti olmalıdır. Qeyd edim ki, Azərbaycanda kifayət qədər keyfiyyətli və uzunömürlü məhsul istehsal edən şirkətlər var. Ümumiyyətlə, ABŞ bazarında satılan digər ölkələrin məhsulları keyfiyyət baxımından Azərbaycan məhsulları ilə demək olar ki, eynidir. Bəzi çeşidlər üzrə isə Azərbaycan məhsulları həm təbiilik, həm də keyfiyyət baxımından onları qat-qat üstələyir”, - deyə A.Qədəşov qeyd edib.