Prezident İlham Əliyevin təməlini qoyduğu istilik elektrik stansiyası təkcə Azərbaycanda deyil, Qafqazda ən böyük elektrik stansiyası olacaq. “vergiler.az”ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov bu barədə açıqlama verərək bildidib ki, hazırda alternativ enerji mənbələrinə yatırımların artması tendensiyası müşahidə edilsə də, istilik elektrik stansiyalarının gücü və vacibliyi dünya üçün, eləcə də Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edir.
“2021-ci ildə 27,8 milyard kilovat/saat elektrik enerjisi istehsal olunub ki, bunun da 26,2 faizi istilik elektrik stansiyalarının payına düşür. Yerdə qalan 20,5 milyard kilovat/saatdan artığı digər enerji mənbələrindən, o cümlədən su elektrik, günəş və külək stansiyalarından və digər mənbələrdən əldə edilib. Göründüyü kimi, istilik elektrik stansiyasının xüsusi çəkisi hədsiz dərəcədə böyükdür”, - E.Əmirov bildirib.
E.Əmirov diqqəti ölkəmizin alternativ enerji strategiyasına yönəldərək deyib: “Ölkənin alternativ enerji mənbələrinin potensialı çox genişdir. Azərbaycanın quruda bərpa olunan enerji mənbələri potensialı 27 QVt, dənizdə külək enerjisinin texniki potensialı isə 157 QVt həcmində qiymətləndirilir. Quruda “yaşıl enerji” potensialının əsas mənbəyi günəş və külək resurslarıdır: günəş enerjisi potensialı 23 QVt, quruda külək enerjisi potensialı isə 3 QVt həcmində müəyyən edilib. Bundan əlavə, hidroenerji, bioenerji və qismən geotermal enerji potensialı da mövcuddur. Təkcə işğaldan azad olunmuş ərazilərimizdə bu potensial 10 QVt-dan artıqdır”.
E.Əmirov qeyd edib ki, bu potensialın reallaşdırılması üçün artıq investisiya cəlb olumağa başlayıb. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı şirkətləri ilə Qaradağda, eləcə də Abşeronda günəş və külək elektrik stansiyalarının qurulması məqsədilə müqavilələr bağlanıb: “Bundan əlavə, Buxarestdə Rumıniya, Macarıstan, Gürcüstan və Azərbaycan arasında Azərbaycanda istehsal olunacaq alternativ enerjinin dənizin dibi ilə Avropaya ixracına dair anlaşma imzalanıb. Bərpa olunan enerji mənbələri hesabına gələcəkdə istehsal olunacaq böyük həcmlərin Avropa ölkələrinə ixracı planları üzərində işlər davam etdirilir”, – deyə iqtisadçı vurğulayıb.