Bu ilin yanvar ayında əsas kapitala 1091,7 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib.
“vergiler.az” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb.
İstifadə olunan vəsaitin 506,2 milyon manatı və ya 46,4 faizi məhsul istehsalı sahələrinə, 529,0 milyon manatı (48,4 faizi) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitlərin 812,1 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilən vəsaitlərin 844,2 milyon manatı və ya 77,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 41,2 faiz, büdcə vəsaitləri 47,7 faiz, əhalinin şəxsi vəsaitləri 6 faiz, bank kreditləri 2,9 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil edib.