Azərbaycanlı investorlar ərəb və Asiya ölkələrinə maraq göstərirlər

2023.02.14 15:11 (UTC+04:00)

Son zamanlar Azərbaycan investorları ərəb və Asiya ölkələrinə maraq göstərməyə başlayıblar. Bunu “vergiler.az”a açıqlamasında “Caspian Energy Club” MMC-nin sədri və baş icraçı direktoru Telman Əliyev deyib.

Onun sözlərinə görə, yerli investorlar bundan əvvəl daha çox Avropaya meyil göstərirdi. Avropa dövlətləri və ABŞ-ı Azərbaycan üçün daha münasib istiqamət sayan T.Əliyevin fikrincə, həmin ölkələrdə Azərbaycan brendlərini geniş təmsil etmək mümkündür.

Xarici sahibkarların bir hissəsinin Azərbaycana məhz “Caspian Energy Club”un vasitəsilə gəldiyini söyləyən T.Əliyev bildirib ki, “Caspian Energy Club” ilk vaxtlar neft-qaz, enerji klubu kimi fəaliyyətə başlasa da, indi kluba üzv olan şirkətlərin cəmi 30 faizi bu sektoru, qalan 70 faizi isə qeyri-neft sektorunu, əsasən, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, tikinti və digər sahələri təmsil edir.