Türkiyədəki zəlzələ ilə əlaqədar pul köçürmələrinin intensivliyi yüksəkdir

2023.02.13 11:57 (UTC+04:00)

Türkiyədə baş vermiş zəlzələdən sonra bu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) Azərbaycan bankları vasitəsilə ianələrin edilməsi üçün aparılan pul köçürmələrinin intensivliyi çox yüksəkdir.

Bunu “vergiler.az”a Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, zəlzələ ilə bağlı edilən köçürmələrlə əlaqədar iki cür situasiya var. Bunun biri onlayn ödənişlərlə bağlıdır ki, burada hər hansı komissiya haqqı tutulmur: “Bu, daimi şəkildə olacaq. Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar digər hesablar üzrə nəzərdə tutulmuş köçürmələr də bütün dövrdə, yəni vəsaitin hansı zamanda köçürülməsindən asılı olmayaraq, komissiya haqlarından azad edilib. Biz bunun üçün hər hansı müddət müəyyən etmədik. Əgər şəxs 1 ildən sonra da bu məqsədlə köçürmə edərsə, həmin vəsaitdən də komissiya haqqı tutulmayacaq. Bu, davamlı bir şəkildə olacaq”.

Xatırladaq ki, ABA-nın ötən həftə keçirilən növbədənkənar iclasında banklar AFAD-a edilən ianələrə komissiya haqqının tutulmaması barədə qərar qəbul ediblər.